Bakıda qaydanı pozan "Mercedes" qəza törətdi
Ötən axşam Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Ramiz Quliyev küçəsində qeydə alınıb.
Ramiz Quliyev küçəsi ilə Fəhlə prospekti istiqamətində hərəkətdə olan "Mercedes" və əks istiqamətdə hərəkət edən "Opel" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində "Mercedes"də olan sərnişinin başı avtomobilin alın şüşəsinə dəyib və o, yüngül xəsarət alıb.
Hadisə yerində yol polisi əməkdaşları araşdırma aparıblar. Qəzanın səbəbləri ilə bağlı ilkin versiya belədir ki, "Mercedes" yüksək sürətlə hərəkətdə olub və Fəhlə prospekti istiqamətində nəqliyyat sıxlığı olduğundan əks hərəkət zolağına çıxıb. Sürücünün yol-hərəkəti qaydasını pozması nəticəsində "Mercedes" "Opel"ə çırpılıb.
Qəzadan sonra Ramiz Quliyev küçəsində, eləcə də, onunla kəsişən Fəhlə prospektində tıxac yaranıb. Hər iki avtomobil hadisə yerindən evakuasiya edilib və cərimə meydançasına aparılıb. Bundan sonra nəqliyyatın normal hərəkəti tədricən bərpa olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.