Bakıda supermarketin seyfindən 9 min manat oğurlanıb

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları supermarketdən oğurluq edən şəxsləri həbs ediblər. APA TV-nin məlumatına görə, müəyyən edilib ki, saxlanılan Qurbanov Azər Əjdər oğlu tanışı Məmişov Eltun Mehman oğlu ilə cinayət əlaqəsinə girərək, gecə saatlarında Zabrat qəsəbəsi Montin küçəsi 21 ünvanında yerləşən supermarketin arxa qapısını açarla açaraq marketə qanunsuz daxil olub. Tanışlar birinci mərtəbədəki qəbul yerindən üçüncü mərtəbədə seyf saxlanılan otağın və seyfin açarını götürüblər. Daha sonra onlar seyfi açaraq içərisindəki 8728 manat pulu, üçüncü mərtəbədə yerləşən xəzinə otağından isə 652 manat pulu oğurlayaraq, sahibkara külli miqdarda maddi ziyan vurublar.

 

Polisin keçirdiyi əməliyyat yolu ilə oğurlanmış pulların bir qismi də maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsilə cinayət işi başlanılıb, Azər Qurbanov və Eltun Məmişov barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

 

Müəllif | Apa.Tv