"Süleyman Stalski" dəstəsinin lideri öldürülüb
Dağıstanın Dərbənd şəhərində həyata keçirilən xüsusi əməliyyat zamanı "Süleyman Stalski bandası" qruplaşmasının lideri öldürülüb.
APA TV-nin Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına dəstənin "cənub qolu"nun üzvlərinin şəhərdəki doqquzmərtəbəli binada gizləndiyi barədə məlumat daxil olub. Onların gizləndiyi mənzil müəyyənləşdiriləndən sonra dəstə üzvlərinə silahı yerə qoymaq və təslim olmaq təklifi edilib. Ancaq silahlılar təklifə atəşlə cavab veriblər. Bundan sonra əməliyyata başlanılıb və dəstə üzvləri məhv edilib. İnsident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları və mülki şəxslərə hər hansı ziyan dəyməyib.
Həmin mənzildən avtomat, tapança və radiostansiya tapılıb. Məlum olub ki, öldürülənlərdən 26 yaşlı Vəlibəy Vəliyev qrupun lideridir və o, federal axtarışda olub. Vəlibəy Vəliyevin hədə-qorxu yolu ilə imkanlı şəxslərdən çoxlu pul aldığı, polis maşınlarını qaçırdığı, bu ilin sentyabrında isə Gərəyxanov yaşayış məntəqəsinin yaxınlığında yerləşən Yol Patrul Xidmətinin postunu partlatdığı bildirilir.