Rakka bombalanır, ABŞ İŞİD-ə qarşı döyüşən kürd silahlılara hərbi yardım göstərəcək
ABŞ İŞİD terror təşkilatına qarşı döyüşən kürd silahlılarına birbaşa silahlı yardım göstərməyə hazırlaşır. APA TV-nin məlumatına görə, Nümayəndələr Palatasında bununla bağlı prezident Barak Obamaya birbaşa səlahiyyət verən qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, prezident üç il müddətində kürd peşmərgələrə birbaşa silahlı yardım göstərilməsinə əmr vermək səlahiyyətinə sahib olacaq.
Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin yaydığı açıqlamada bildirilir ki, peşmərgələrə ağır silahlar və zirehli texnika verilməsi nəzərdə tutulmur. Xatırladaq ki, ABŞ bundan əvvəl Kobanidə İŞİD-ə qarşı döyüşən kürd peşmərgələrə havadan silah yardımı etmiş, bu silahların bir hissəsi İŞİD-in əlinə keçmişdi.
ABŞ rəhbərliyində koalisiya qüvvələri İŞİD-in ən güclü olduğu ərazini – Suriyanın Rakka şəhərini aramsız bombardman ediblər. Ardıcıl aviasiya zərbələrindən sonra şəhərin müxtəlif yerlərində güclü yanğınlar başlayıb. Qeyd edək ki, İŞİD terror təşkilatının əsas qərargahlarından biri məhz Rakka şəhərində yerləşir. Bombardmanlarla paralel olaraq Suriya ordusunun Rakka şəhəri yaxınlığında dörd kəndə hücum etdiyi, kəndləri İŞİD terrorçularından təmizlədiyi bildirilir.