Prezident İlham Əliyev: "Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır"
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Tədbirdə çıxış edən prezident İlham Əliyev qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. Bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub.
“Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”, - deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırıb.
Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını deyib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir. Tomas Bax əmin olduğunu bildirib ki, gələn il Bakıda baş tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların uğurlu alınmasına stimul verəcək.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edib.