Hadı Rəcəbli: "2012-ci ildə Azərbaycandan Türkiyəyə 7196 miqrant gedib”

"Son aylarda Azərbaycandan gedən miqrantların sayı ölkəyə gələnlərdən 3 dəfə çox olub. Təkcə 2012-ci ildə Azərbaycandan Türkiyəyə 7196 miqrant gedib”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin sosial-siyasət komitələrinin II birgə toplantısında “TürkPA üzv ölkələrinin miqrasiya problemləri və imkanları” mövzusunda müzakirələr zamanı deyib: "Bu məsələdə birinci yerdə Türkiyədir. Azərbaycanla ən çox miqrasiya münasibətində olan ikinci ölkə Böyük Britaniyadır. 2012-ci ildə neft sənayesi ilə bağlı Böyük Britaniyadan Azərbaycana 2323 miqrant gəlsə də, 2014-cü ildə müvafiq göstərici 1900-ə düşüb".

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev isə deyib ki, Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlarla yanaşı, problemlər də kifayət qədərdir: "Biz dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə bu problemlərin aradan qaldırılması üçün fəaliyyət göstəririk. Hesab edirəm ki, bu problemlərin həllinə nail olacağıq . Bir neçə il əvvəl Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi zərurəti yaranmışdı. Dövlət Miqrasiya Xidməti yarandıqdan sonra qısa müddət ərzində qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bildi".

Pərviz Musayev qeyd edib ki, miqrasiya problemi dünyada ən ağrılı problemlərdən biridir. Bu gün dünyada qanunsuz miqrasiya edən insanların sayı 250 milyonu keçir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı