Xaçmazda 1 ay əvvəl meyiti tapılan kişinin qatillərindən biri tutulub
Xaçmazda 1 ay əvvəl meyiti tapılan şəxsin qətlində şübhəli bilinənlərdən biri saxlanılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Zamiq Xeyirovu öldürməkdə günahlandırılan Qusar rayon sakini Nazim Zəkərayev hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Qətlin törədilməsində şübhəli bilinən digər şəxs, Qusar rayon sakini Radik Məmmədovun isə axtarışları davam etdirilir.
Qeyd edək ki, oktyabrın 18-də Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı mərhumun Xudat şəhərində yaşayan 32 yaşlı Zamiq Xeyirov olduğu müəyyənləşib.
Hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədilməsinin müəyyən edilməsi barədə məlumat yaymışdı.
Faktla bağlı istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.