Goranboyda yaşlı ər-arvad qətlə yetirilib - YENİLƏNİB
Goranboy rayonunda qətl törədilib. Qoca ər-arvad yaşadığı mənzildə qətlə yetirilib. Hadisə noyabrın 22-nə keçən gecə rayonun Qaradağlı kəndində baş verib. Səhərə yaxın kənd sakinləri – 84 yaşlı Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 80 yaşlı Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə, yatdıqları çarpayıların yanında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri, boğaz nayihələrində bıçaq yaraları aşkarlanıb.
APA TV-nin xəbərinə görə, kənd sakinləri bildiriblər ki, qətlə yetirilənlər çox sakit və heç kimlə kiçik mübahisəsi belə olunmayan adamlar olublar. Tahir kişi kəndin cuvarı (su verən) olub və zəhmətkeş və halal adam kimi tanınıb.
Mərhumların qızı Reyhan Məmmədova bunları deyib: "Atam və anamın kənddə düşmənı yox idi, heç kimə heç nə etməyiblər. Onlar sakit insan idi. Bəlkə də puluna görə öldürüblər. Atam istəyirdi ki, evinin tavanını dəyişdirsin, pensiyası və bir də əkindən yığdığı pulları vardı".
Rayon polisi və prokurorluq orqanları qətli törədən və ya törədənlərin axtarışlarına başlayıb.