İstanbulda "Qalatasaray" fanatları serb azarkeşi öldürdülər

İstanbulda Türkiyənin "Qalatasaray" və Sebiyanın "Srvene Zvezda" komandalarının Avroliqanın növbəti basketbol matçı öncəsi azarkeşlər arasında kütləvi dava düşüb. APA TV-nin türk mətbuatına istinadən verdiyi məlumata görə, dava-dalaş nəticəsində bir serb tərəfdar öldürülüb. Bildirilir ki, 400-dən artıq serb azarkeş oyunu izləmək üçün "Abdi İpəkçi Arena"ya girə bilməyib. Küçədə öz komandalarına dəstək verən serblər "Qalatasaray" fanatlarının hücumuna məruz qalıblar. Türk azarkeşlər rəqib komandanın tərəfdarlarını daş və dəyənəklərlə əzişdiriblər. Serblər qarşılıq verdiyi üçün dava daha da qızışıb. Hüquq mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Ara sakitləşən zaman qarışıqlıqda 25 yaşlı serb azarkeşin sinəsindən bıçaqla vurulduğu məlum olub. Xəsarət alan şəxs dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məsələyə Serbiyanın İstanbuldakı konsulu Zoran Markoviç münasibət bildirib. O, əvvəlcə həkimlərə göstərdikləri səyə görə təşəkkür edib, onların heç bir günahının olmadığını, serb vətəndaşın çoxlu qan itirdiyini deyib. Konsul daha sonra bildirib ki, Belqradda hadisəni düşmənçilik kimi qiymətləndirilər. Zoran Markoviç əvvəlcədən etdikləri xəbərdarlığa baxmayaraq, təhlükəsizlik xidmətinin işini çox aşağı səviyyədə təşkil etdiyini dilə gətirib. Serb diplomat hazırda serb azarkeşlərinin sağ-salamat Türkiyə ərazisindən çıxarılmaları üçün çalışdıqlarını qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv