Qarabağ veteranları və əlillər arasında Peyntbol turniri keçirilib
Qarabağ döyüşlərində iştirak etmiş İlham Məhərrəmov bu gün səngərdə döyüşə bilməsə də, arxa cəbhədə döyüş hazırlıqlarını davam etdirir. Elə bu məqsədlə də Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında keçirilən Peyntbol turnirinə qatılıb. Turnirdə iştirak edən digər döyüşçü yoldaşları kimi İlham Məhərrəmov da komandasının qalib olacağına inanır.
APA TV-nin xəbərinə görə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komtəsi, Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara dəstək” ictimai birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Peyntbol Federasiyasının birgə təşkil etdiyi turnirdə Qarabağ müharibəsi veteranları, əlilliyi olan şəxslərlə yanaşı, paralimpiya çempionları da iştirak edir.
Açılış mərasimində iştirak edən Peyntbol Federasiyasının prezidenti Əli Hüseynli turnirin təşkil edilməsində əsas məqsədin gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması olduğunu bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslərin vətənpərvərlik sahəsində göstərdikləri təşəbbüs gənc nəsillərə örnək olmalıdır.
Turnirdə 8 komanda yarışır. Hər komandada 6 idmançı var. Sonda bir komanda qalib gələcək. Hər komanda isə öz qalibiyyətinə güvənir.
"Bu gün keçirilən yarışa qatılmaqla bir daha cəmiyyətimizə bildirmək istəyirik ki, biz əlillər heç nədən çəkinmədən bu cür döyüşlərdə iştirak edə bilirik. Biz əlil olsaq da döyüş bacarığımızı itirməmişik".
Turnirdə iştirak edən 5 komandanın üzvləri kişilərdən ibarət olsa da, bir komanda zərif cinsin nümayəndələridir. Lakin döyüşçü qadınlarımız heç də özlərini kişilərdən geridə hesab etmirlər.
Parataekvando üzrə dünya çempionu Aynur Məmmədova bunları deyib: "Bu turnir mənə bir surpriz oldu. Mən 2 gündən sonra Türkiyənin Antalya şəhərinə yola düşürəm. Orda Parataekvando üzrə yarış keçirilir. İnşallah qalib olaram. Bu yarışda da gücümü sınamaq istədim. Çünki bir zamanlar atıcılıqla da məşğul olmuşam. İnşallah, bizim komanda qalib gələr".
Qeyd edək ki, turnirin rəsmi əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.