Davudoğlu: “Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər...”

İstanbulda ABŞ Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda toplantısı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, toplantıda ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak edib. Əhməd Davudoğlu bildirib ki, 1990-cı illərdə Qafqaz və Balkanlar qeyri-sabit bölgələr kimi tanınırdı: “TANAP sayəsində bu bölgələr barış bölgəsi olaraq anılmağa başlayıb. Azərbaycan-Ermənistan münaqişəsi zonası da enerjinin sülh məqsədilə istifadə oluna biləcəyi bir yerdir. Kimsə Bakı-Ceyhana inanmırdı, amma bu layihə gerçəkləşdi. Lakin Ermənistan bu layihədən kənarda qaldı. Niyə? Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Azərbaycan və Ermənistan arasında yaranacaq əlaqələrdən ən çox məmnun qalacaq ölkə Türkiyə olacaq. Azərbaycan bu gün iqtisadi rifaha qovuşmuş ölkədir. Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər, sadəcə olaraq, siyasi iradə lazımdır. Ümid edirik ki, helikopter hadisəsindən sonra yaranan gərginlik ATƏT-in Minsk  Qrupunun səyləri ilə azaldılacaq”.   

Müəllif | Apa.Tv
Apa.tv