Bakının mərkəzində qanunsuz qumarxana aşkarlanıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda qanunsuz qumarxana fəaliyyəti  məşğul olan şəxsləri yaxalayıblar. Səbail rayonu Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “poker” kart-qumar oyunları təşkil etməkdə və oynamaqda təqsirli bilinən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

 

APA TV-nin xəbərinə görə, obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkarlanıb.

 

Müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş, 23 yaşlı İsmayıl Musayev Sabirabad rayon sakini, 24 yaşlı Nicat Məmmədovla əlbir olaraq kirayəyə götürdükləri obyektdə bir neçə aydır, qumarxana təşkil ediblər. Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib. Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv