Rusiyalı ekspert: "Artıq dünyada bir və ya ikiqütblü sistem olmayacaq"

 

"2014-cü il son 25 il mövcud olan dünya sisteminin dəyişdiyi il kimi yadda qaldı".

APA TV-nin xəbərinə görə, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov Bakıda “Postsovet məkanı: müasir böhran və münaqişələrin sivilizasiya aspektləri” mövzusunda keçirilən mətbuat konfransında deyib. Rusiyalı politoloq Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. Onun sözlərinə görə, münaqişə dondurulmasa da, tərəflərin və həmsədr ölkələrin münaqişəyə təsir imkanları azalıb: "Cənubi Qafqazda yeni hərbi qarşıdurmanın başlanması bu gərginliyi daha da artıra bilər. Hesab edirəm ki, hazırda baş verənlər müharibəyə çevrilə bilməz. Bu, baş versə, onda indiyə kimi aparılan danışıqlara, əldə olunan razılıqlara, qarşılıqlı fəaliyyət formatına böyük ziyan dəyəcək".


Baş redaktor İran-ABŞ münasibətlərinin hazırkı durmuna toxunub: "ABŞ-İran münasibətləri dəyişib, bəzi irəliləyişlər var. Amma bu dövlətlərin bir-birinə qarşı inamsızlığı ortadadır. 2014-cü ilin hadisələri göstərdi ki, ABŞ birqütblü dünya qura bilmədi".

 

Politoloq deyib ki, bundan sonra qərbin dünya siyasətində dominantlığı zəifləyəcək. Onun sözlərinə görə, artıq birqütblü və ikiqütblü sistem mövcud olmayacaq.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı