Keniyada qətliam törədən qruplaşmaya ağır zərbə: 100 terrorçu öldürüldü

Keniya hökumət qüvvələri 3 gün öncə ölkədə qətliam törədən radikal-islamçı "Əş Şəbab" qruplaşmasının 100-dən çox üzvünü məhv edib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu barədə Keniyanın vitse-prezidenti Uilyam Ruto açıqlama verib. O bildirib ki, hökumət qüvvələri terrorçuları zərərsizləşdirmək üçün Somali ərazisinə keçib. "Əş Şəbab" qruplaşmasının liderlərindən şeyx Əbdisas Əbu Musab isə Rutonun açıqlamalarını təkzib edib. Əbu Musab Keniya hökumət qüvvələri ilə qarşıdurmada hüç bir itki vermədiklərini deyib.

 

Xatırladaq ki, 3 gün öncə "Əş Şəbab" silahlıları Keniya-Somali sərhədində sərnişin avtobusunu dayandırıb, sərnişinləri düşürərək güllələyiblər. Hadisə şahidləri terrorçuların yalnız "Quran"dan ayələr bilən adamlara toxunmadıqlarını bildiriblər. Silahlı hücum zamanı 28 nəfər öldürülüb ki, onlardan 9-u qadındır. Bundan sonra terrorçu qruplaşma hadisəni Keniyanın cənub portu olan Mombasda 100-dən artıq müsəlmanın həbs olunma faktına görə törətdiyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv