Sumqayıtda qanunsuz mərc və qumar oyunları keçirilirmiş - RƏSMİ
Azərbaycanda qanunsuz idman mərc oyunlarının və kompüter vasitəsilə qumar oyunlarının keçirildiyi üzə çıxıb. Vergilər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, noyabrın 21-də Sumqayıt şəhərində keçirilən tədbirlər nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Napoli”, fiziki şəxs Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Milan” və fiziki şəxs Tanrıverdi-pur Anar Sərvət oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Beşiktaş” çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkarlanıb.
Pərviz Səmədov və Süleyman Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa, hər üç şəxs tərəfindən obyektlərdə kompüter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının (“çərxi-fələk” - “russkaya ruletka”, loto və s.) keçirildiyi də müəyyənləşib.
Sadalananlardan əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.