Şeyxülislam: "Dünya İŞİD adlı kabusun vahiməsi ilə təhdid edilir"
“Son dönəmlərdə müsəlman ümmətinə qarşı təxribat və fitnəkar münasibətin güclənməsi Qərbin demokratiya ifadəsinin tənəzzülə uğradığına dəlalət edir”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranda keçirilən “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, müsəlman ziyarətgahlarının bombalanması, namazlarda, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Qurana qarşı hörmətsizlik faktları, İslam Peyğəmbərini təhqir edən karikaturaların, filmlərin nümayişinin yaratdığı fəsadlar milli və dini zəmində qarşıdurma yaradıb.
“İslami vəhdətimizi parçalamaq niyyətində olan qüvvələr bu gün öz niyyətlərinə İraqda, Suriyada, Fələstində, Qüdsdə, Yəməndə, Liviyada, Əfqanıstanda nail olmağa çalışırlar. Dünya indi qondarma İraq Şam İslam Dövləti - İŞİD adlı bir kabusun vahiməsi ilə təhdid edilir. Bir sıra ölkələrdə, bölgələrdə terror aktlarının baş verməsi, bu halların hərbi xarakter alması biz müsəlmanları narahat etməyə bilməz. Baş verənlərdə Qərbin bəzi dairələrinin məqsədini anlamaq çətin deyil - İŞİD və təkfirçilərin əli ilə müharibələr yaratmaqla müsəlman dövlətlərini zəif salmaq, neft və qazla zəngin ərazilərin təbii sərvətlərini ələ keçirməkdir ” - deyə A.Paşazadə bildirib.