İntensiv yağıntılar cənub bölgəsində bir sıra fəsadlar törədib

Son iki gündə respublikanın cənub bölgəsinin bir sıra ərazilərində yağan intensiv yağışlar müəyyən problemlərə səbəb olub. APA TV-nin yerli bürosunun məlumatına görə, yağıntı daha çox Lənkəran və Astara rayonlarında müşahidə edilib, nəticədə onlarla yaşayış evini su basıb.

 

Aramsız yağan yağışlar həmçinin magistral yollarda avtomobillərin hərəkətində də çətinliklər yaradıb.

 

Hidrometroloqlar isə çaylarda suyun səviyyəsinin qalxması nəticəsində  daşqınların baş verəcəyini istisna etmirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə,  ən çox  Lənkərançay, Təngərüd və Vaqo çaylarında suyun qalxması müşahidə edilir. Həmin çaylarda suyun səviyyəsi 40-80 santimetr artıb. C.Hüseynov bildirib ki, bölgədə yağıntılar noyabrın 25-dək davam edəcək, Talış dağlarına qar, dağətəyi ərazilərə isə sulu qarın yağacağı gözlənilir.

 

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

 

Müəllif | Apa.Tv