Gələn il Azərbaycanda buraxılış imtahanlarının vaxtı dəyişdiriləcək
"Gələn il Azərbaycanda keçiriləcək I Avropa oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişiləcək".
APA TV-nin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, bu vaxta kimi buraxılış və qəbul imtahanlarının vaxtı ilə bağlı cədvəl yanvarın sonunda ictimaiyyətə təqdim olunurdu. Nazirlər Kabinetinin qərarına əsasən, gələn il Avropa Olimpiya oyunlarının keçirilməsini nəzərə alaraq buraxılış imtahanlarının vaxtından əvvəl keçirilməsi nəzərdə tutulur: "Artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib. Məktəblərdə mayın 30-da “Son zəng”dir. Həmin günün ertəsi buraxılış imtahanlarında iştirak etmək mümkün deyil. Ona görə hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk. Məsələ onlarla müzakirə olunub, dəqiq cədvəl təqdim ediləcək. Yalnız Bakıda keçirilən imtahanlara deyil, bütövlükdə ölkə üzrə keçirilən buraxılış imtahanlarının vaxtı dəyişiləcək".
Sədr bildirib ki, gələn il qəbul imtahanlarında test tapşırıqlarının sayı ilə bağlı dəyişikliklər ediləcək. Qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır. I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq. Gələn il XI sinif məzunları əlavə olaraq xarici dildən imtahan verəcəklər.
M.Abbaszadə qeyd edib ki, 9-cu sinif üzrə keçiriləcək buraxılış imtahanında isə heç bir əlavə fənn olmayacaq. TQDK-nın inzibati binasının dəyişdiriləcəyi barədə məsələyə aydınlıq gətirən Məleykə Abbaszadə bildirib ki, bunun əsas səbəbi binanın qəzalı vəziyyətdə olmasıdır.