Bakıda su problemlərinə dair beynəlxalq konfrans keçirilib

"Ermənistanın su ehtiyatları böyük deyil, cəmi 7,7 kub. km su ehtiyatı var. Bəzən Azərbaycanı su axınlarının istiqamətini dəyişməklə hədələyirlər. Ancaq Ermənistanın su ehtiyatları böyük olmadığından bu hədələr yersizdir".

 

APA TV-nin xəbərinə görə, bunu “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov söyləyib: "Azərbaycanın su ehtiyatları isə yetərlidir, sadəcə, səmərəli istifadə olunmalıdır. Sudan hədsiz istifadə, suyun çirkləndirilməsi, keyfiyyətsiz kənd təsərrüfatı məhsulları son nəticədə insanın müxtəlif xəstəliklərlə üzləşməsinə səbəb olur. Planetimizin 2/3-si su ilə örtülüdür, ancaq planetdə suyun 2,5 faizi şirin, onun da cəmi 0,2 faizi içməli sudur".

 

AMEA-nın vitse-prezidenti Fəxrəddin Qədirov deyib ki, planetdə əhali sayının artması ilə əlaqədar olaraq su ehtiyatları azalmaqdadır. Onun sözlərinə görə kənd təsərrüfatı və sənayenin inkişafı da yeni su ehtiyatları tələb edir.

 

Konfransda su probleminin dünyada ən aktual problemlərdən biri olduğu vurğulanıb. Tədbirdə ABŞ, Kanada, İngiltərə, Türkiyə, Serbiya, Misir, Bosniya, Portuqaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan alim-mütəxəssislər qatılıblar. Konfransın sonunda BMT-yə, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanmış Bakı Bəyannaməsi qəbul olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı