Məscidlərin önündə saxta "halal kolbasalar" satan şəxslər saxlanılıb

Bakıda qanunsuz olaraq, pərakəndə şəkildə kolbasa satışı ilə məşğul olan şəxslər müəyyənləşdirib. Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) Şabran rayon sakini, Bakı şəhərində qeydiyyatsız yaşayan 1983-cü təvəllüdlü Sultanov Fikrət İsaməddin oğlundan şübhəli şəxs qismində izahat alınıb. Araşdırma nəticəsində məlum olub ki, o, tanışı Babayev Rəhman Movsümağa oğlu ilə bərabər məscidlərin önündə 90 UH 617 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobildə “halal” adı altında kolbasaların qanunsuz satışı təşkil edib.

 

Fikrət Sultanov deyib ki, məhsulların üzərinə "Halal" sözünü özü yapışdırıb. Məlum olub ki, Fikrət Sultanov ibadət etmək məqsədilə məscidə getdiyini, lakin həftənin cümə günləri topdansatış mağazalarından 1 kiloqramını 5,40 – 7.00 manata aldığı müxtəlif növ kolbasa məmulatlarının üzərində olan markaları saxtalaşdıraraq (“halal” adı ilə) gəlir əldə etmək məqsədilə qanunsuz ticarət fəaliyyəti göstərərək 2 dəfə bahasına satışını təşkil edib: "Bir daha deyirəm, məni şeytan yoldan çıxardıb. Xəstəyəm, dolanışıq üçün etmişəm".

 

BŞBPİ-dən APA TV-yə bildirilib ki, həmin şəxslər izahat verəndən sonra sərbəst buraxılıblar. Arşdırmalar davam etdirilir. 

 

Müəllif | Apa.Tv