Lənkəranda xeyli ev və ictimai obyekt sel sularının altında qalıb
Üç gündür, davam edən güclü yağıntı yenidən cənub bölgəsinin bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun ayrı-ayrı kənd və qəsəbələrində, həmçinin Lənkəran şəhərində 1000-dən çox evi su basıb. Sel suları evlərin zirzəmilərinə dolub, xeyli sayda ev quşunun tələf olmasına, ərzaq və kənd təsərrüfatı məhsullarının korlanmasına səbəb olub.
Rayonun Havzava kəndində sel elektrik dirəyini yuyub apardığı üçün burada 20-dək ev işıqsız qalıb.
Şəhərdə yerləşən rayon Elektrik Şəbəkəsinin, Səfərbərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binalarını su basdığından həmin qurumların iş fəaliyyəti dayanıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və yerli qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də noyabrın 24-25-də Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.
Yağıntı ən çox Lənkəran və Astara qeydə alınıb, leysan yağışlarla əlaqədar bölgə çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.