MTRŞ sədri: "Əcnəbilərin küçə musiqiləri bizim efirlərdə bəh-bəhlə verilir"

Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının monitorinqinin nəticələrinə dair konfrans keçirilib. APA TV-nin məlumatına görə, konfransda MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, monitorinq zamanı ədəbi dil normaları ilə bağlı nöqsanların sayının azalması müşahidə edilib. Lakin efirə dəvət olunan ziyalıların, sənətkarların fikirlərini Azərbaycan dilində ifadə edə bilməməsi təəssüf doğurur: "Televiziya kanallarında bəzən çalışırlar ki, xalq danşığı dilində danışsınlar ki, insanlar onları daha yaxşı başa düşsünlər. Təəssüf ki, bunu bir sıra hallarda hərfi mənada başa düşürlər. Mənim fikrimcə, musiqi redaksiyalarındakı insanların musiqi zövqü aşağı səviyyədədir. Əcnəbilərin küçə musiqisini bizim televiziyalarda sevə-sevə dinləyirlər. Bu təəssüf doğurur". 

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü isə bildirib ki, bəzi aparıcıların dilində müəyyən dialekt, şivələr özünü qabarıq göstərir. Eyni zamanda bəzi verilişlərin adları düzgün yazılmır: “Məsələn, “tetatet” sözü tire ilə yazılır ki, bu, düzgün deyil. “Obama”ya “Abama” deyilir, “oktyabr” “aktyabr” kimi ifadə olunur. Vurğunun dəqiq və düzgün müəyyən ifadə olunması da vacibdir. “Foto” sözündə vurğu ikinci hecada olsa da, vurğu birinci hecaya salınır”.

 

Monitorinqi Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri aparıblar.

 

Müəllif | Apa.Tv