Nazir müavini: "9 ayda qadınlara qarşı 4195 cinayət törədilib"
"Onlar döyülür, təhqir olunur, təzyiqlərə məruz qalırlar. Dünyada hər il milyonlarla qadın zorakılıqla üzləşir. Qanunla qadağan olunsa da, cəmiyyətdə pislənsə də, bu kimi hallar azalmır. Hər il 80 milyona yaxın qadın fahişəliyə cəlb edilir".
APA TV-nin xəbərinə görə, bunu 25 noyabr- qadın zorakılığına qarşı mübarizə günündə "Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi" adlı konfransda çıxış edən Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Komitənin (SEDAW) vitse-prezidenti Pramilla Patten deyib. Onun sözlərinə görə, bu zorakılıqlar əsasən, Afrika və Yaxın Şərq ölkələrindədir.
Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov qeyd edib ki, son 5 ildə qadınlara qarşı 30 min 277 cinayət hadisəsi qeydə alınıb. Bunun 4 min 195-i qadınlara qarşı zorakılıq halları olub: "Bu cinayətlərə görə, 18 min nəfər məhkəmə proseslərinə cəlb olunub. Zorakılıq halları 2009-cu ildə 4099, 2010-cu ildə 4489, 2011-ci ildə 4280, 2012-cü ildə 3218, 2013-cü ildə 1803 olub".
Bu ilin 9 ayında qadınlara qarşı 4195, o cümlədən zorakılıqla bağlı 1687 cinayət faktı qeydə alınıb və 2024 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Cinayətlərin 23 faizi, yaxud hər 5-cisi məhz ailə məişət münaqişəsi zəminində baş verib.
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın zorakılığına qarşı sərt addımlar atıldığını deyib: "Bununla bərabər, biz hiss edirik ki, hardasa boşluqlar var. Baxmayaraq ki, bizdə qanun da qəbul olunub. Amma icrasında bəzən problem olur. Biz mütamadi olaraq, hüquq-mühafizə orqanları ilə işlər aparırırq".
Çıxış edən qonaqlar qadınlara qarşı edilən zorakılıq halları ilə bağlı mübarizə aparmağın yolları, bu cür hadisələrin qarşısını almaq üçün həyata keçirilən tədbirlərdən danışıblar.