Çempionlar Liqasında növbəti oyunlar keçirilib - QOLLAR

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib.

 

APA TV-nin xəbərinə görə, "Barselona" səfərdə APOEL-i məğlub edib. Oyun qonaqların 0:4 hesablı qələbəsi ilə başa çatıb. 27-ci dəqiqədə hesabı "Barselona"nın hücumçusu Luis Suares açıb. Beləliklə, o, Kataloniya klubunun heyətində ilk qolunu vurub. 38-ci dəqiqədə Lionel Messi fərqlənib. Bu qol oyuna kapitan sarğısı ilə çıxan argentinalı futbolçunu Çempionlar Liqasının bombardirinə çevirib. 58-ci dəqiqədə Lionel Messi dubla, 87-ci dəqiqədə isə het-trikə imza atıb.

 

Qeyd edək ki, qarşılaşmada hər komandadan bir futbolçuya qırmızı vərəqə göstərilib.

 

****

 

"Bavariya" isə azlıqda oynadığı qarşılaşmada "Mançester Siti"yə məğlub olub. İngiltərədə keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

 

22-ci dəqiqədə İngiltərə klubunun hücumçusu Serxio Aquero hesabı açıb. O, penaltini uğurla yerinə yetirib. Penaltinin təyin olunduğu vəziyyətə görə "Bavariya"nın müdafiəçisi Mehdi Benatia qırmızı vərəqə alıb.

 

Birinci hissənin sonunadək "Bavariya" azlıqda qalmasına baxmayaraq, iki qol vura bilib. 40-cı dəqiqədə Xabi Alonso fərqlənib. 5 dəqiqə sonra isə Robert Levandovski "Bavariya"nı hesabda irəli çıxarıb.

 

Oyunun əsas vaxtının başa çatmasına 5 dəqiqə qalmış hər şey "Mançester Siti"nin xeyirinə dəyişib. Vəziyyəti dəyişən isə Serxio Aquero olub. O, 85-ci dəqiqədə bərabərlik qolunu, əlavə vaxtda isə komandasının və özünün 3-cü qolunu vurub.

 

****

 

Londonun "Çelsi" klubu isə Almaniyanın "Şalke" komandasını darmadağın edib və 1/8 finala qrup birincisi kimi vəsiqəni təmin edib. Almaniyada keçirilən oyun "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

London klubu qol vurmağa çox tez başlayıb. 2-ci dəqiədə Con Terri komandasını hesabda irəli çıxarıb. 29-cu dəqiqədə isə Villian fərqlənib. 44-cü dəqiqədə oyunda avtoqol qeydə alınıb. 44-cü dəqiqədə "Şalke"nin oyunçusu Yan Kirhhoff topu öz qapısından keçirib. Birinci hissə "Çelsi"nin 0:3 hesablı üstünlüyü ilə başa çatıb. 76-cı dəqiqədə Didye Droqba "Çelsi"inin dördüncü qolunu vurub. Cəmi iki dəqiqə sonra isə Ramires darmadağını rəsmiləşdirib.

 

****

 

"Sportinq" "Maribor"u məğlub edib. Portuqaliyada keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Əvvəlcə "Sportinq" iki dəfə fərqlənib. 10-cu dəqiqədə Karlos Mane, 35-ci dəqiqədə isə Nani "Maribor"u oyuba mərkəzdən başlamağa məcbur edib. 42-ci dəqiqədə "Maribor"un hesab arasındakı fərqi azaldıb. Cefferson avtoqola imza atıb. Oyunda son nöqtəni 65-ci dəqiqədə Portuqaliya klubunun hücumçusu İslam Slimani qoyub - 3:1.

 

Qeyd edək ki, oyun zamanı Lissabondakı "Joze Alvalade" stadionunda işıqlar sönüb. Hakim oyunu dayandırıb. 45 dəqiqə sonra stadiona elektrik enerjisinin verilməsi bərpa edilib və oyun davam etdirilib.

 

***

 

"Portu" səfərdə Belarusun BATE klubunu məğlub edib. Portuqaliyalılar 0:3 hesabı ilə qalib gəliblər.

 

İlk hissədə komandalar çoxsaylı qol vəziyyətləri yarada bilməyiblər. Amma ikinci hissədə qonaqlar hesabı açıblar. 56-cı dəqiqədə uzaqdan vurulan zərbə ilə Çernika fərqləndi. 65-ci dəqiqədə isə Cekson Martines cərimə meydançasından zərbə ilə topu qapıya göndərib. Oyunun sonunda isə Kristian Telyo "Portu"nun hesabdakı üstünlüyünü 3 topa çatdırıb və oyunda son nöqtəni qoyub.

 

***

 

Moskva ÇSKA-sı İtaliyanın "Roma" klubu ilə heç-heçə oynayıb. Ordu klubu son saniyələrdə vurduqları bərabərlik qolu ilə turnirin 1/8 finalına yüksəlmək şansını qoruyub.

 

Qarşılaşmanın 43-cü dəqiqəsində "Roma" hesabı açıb. Françesko Totti cərimə zərbəsini uğurla yerinə yetirib.  ÇSKA bərabərlik qolunu oyunun əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə vurub. Vasili Berezutski Roman Yeryomenkonun cərimə meydançasına ötürməsindən sonra topa toxunub və Moskva klubu məğlubiyyətdən qurtulub.

 

Müəllif | Apa.Tv
Apa.tv