Kürdəmirdə Gürcüstan vətəndaşı qəza törədib
Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Gürcüstan vətəndaşı Bejan Misaşvilinin idarə etdiyi yük avtomobili özünə məxsus minik avtomobilini yolun kənarında saxlayaraq qarşı tərəfə piyada keçmək istəyən sürücünü - Mingəçevirdə məskunlaşan Ağdam sakini Firdovsi Adıgözəlovu vurub. Yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və həkimlər onun həyatı xilas edib. Hazırda Firdovsi Adıgözəlovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.