Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilir

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın cənub bölgəsinin Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasından ibarət olub.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müzakirəyə çıxarılan mövzu ilə bağlı geniş məruzə edib. O, çıxışında Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışın sürətləndiyini, hazırki dövrdə ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu, hər bir vətəndaşın dini etiqad azadlığına məxsus olduğunu xüsusi qeyd edib.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə və digərləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyindən söz açaıblar.

 

Çıxışlardan sonra konfrans öz işini birinci plenar iclasla davam etdirib.

 

Qeyd edək ki, konfrans bu gün də davam edir.

 

Müəllif | Apa.Tv