ABŞ-da iğtişaşlar davam edir: Ferqüssona qoşun yeridildi
ABŞ-ın Sent-Luis şəhərində bazar ertəsi başlayan kütləvi iğtişaşlar davam edir. APA TV-nin məlumatına görə, çərşənbə axşamı yüzlərlə aksiya iştirakçısı federal şossenin estakadasını bağlayıb və nəqliyyatın hərəkəti dayanıb. Polis əməkdaşları aksiya iştirakçılarını yolun hərəkət hissəsindən çıxarmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Bir neçə nəfər qazın təsirindən özünü pis hiss edib. Polis azı iki nəfəri qandallayaraq aparıb.
Yol boşaldıldıqdan sonra aksiya iştirakçıları Fergüsonun mərkəzinə doğru irəliləyiblər. Yürüşün kerçirildiyi yolda mağazalar bağlanıb, otellər dəmir məhəccərlə dövrələnib.
İğtişaşlardan ehtiyatlanan Amerika hakimiyyəti Fergüsonda asayişin qorunmasına Milli Qvardiyanın 2 mindən çox əsgərini cəlb edib. Bunu jurnalistlərə Missuri ştatının qubernatoru Cey Nikson bildirib. Onun sözlərinə görə, vətəndaşların həyatını və əmlakını qorumaq lazımdır.
Ferüsonda iğtişaşlar zamanı onlarla ev yandırılıb, 29 nəfər saxlanılıb.
Qeyd edək ki, Sent-Luis yaxınlığındakı Fergüson şəhərciyində iğtişaşlar bu ilin avqustunda afroamerikalı gənci güllələyən polis əməkdaşının cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı məhkəmə qərarından sonra başlayıb.
Afroamerikalı Maykl Braunu güllələyən və bununla iğtişaşlara səbəb olan polis əməkdaşı Darren Uilson isə peşiman deyil. Onun sözlərinə görə, Maykl Brauna atəş açmağa məcbur olub. Çünki gənc onun maşınına soxulub, sonra isə əmrə tabe olmayaraq, əllərini yuxarı qaldırmaqdan imtina edib. Darren Uilson deyib ki, Maykl Braunun yalnız ölümünə təəssüflənir.