Prezident İlham Əliyev Bakı Oksford məktəbinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib. Bakı Oksford məktəbi 1998-ci ildə təsis olunub. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə əks etdirən müasir proqram həyata keçirilir. APA TV-nin məlumatına görə, məktəbdə təhsil dörd mərhələ üzrə aparılır. “Məktəbə hazırlıq” mərhələsi 4-5 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələdə uşaqlar Azərbaycan əlifbasını öyrənir, ingilis dili və hesab fənlərindən ilk biliklərə yiyələnirlər.  Növbəti, “İbtidai siniflər” mərhələsi 6-10 yaşında uşaqlar üçün nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı üzrə keçirilir. Üçüncü mərhələ “Orta məktəb”dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili, riyaziyyat və təbiət fənləri üzrə yenidən “Cambridge Chekpoint Primary” imtahanları verirlər. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Sonuncu mərhələ olan “Tam orta məktəb” isə 14-18 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər mərkəzləşdirilmiş imtahanları verərkən Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar. Bildirilib ki, hazırda məktəbdə 550 şagird təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya, Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən olan şagirdlərdir. Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də var. Təhsildəki uğurlarına və yüksək standartlara görə Bakı Oksford məktəbi Kembric Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. 2006-cı ildə isə təhsil ocağı Avropa keyfiyyət mükafatına layiq görülüb. Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Apa.tv