Səlim Müslümov nöqsanlara yol verənləri cəzalandırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. APA TV-nin məlumatına görə, nazir Səlim Müslümov nazirliyin fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib. Bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb.

 

Qeyd olunan dövrdə tibbi göstərişi olan əlillərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verildiyini qeyd edən Səlim Müslümov bildirib ki, bu müddətdə nazirliyin bərpa mərkəzlərində 6618 nəfərə bərpa-müalicə xidməti, 4042 nəfərə protez-ortopedik xidmət, o cümlədən 15 rayonda səyyar formada protez-ortopedik xidmət göstərilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi  təşkil olunub.

 

Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının kəskin şəkildə azalaraq minimuma endiyini qeyd edən Səlim Müslümov səylərin əlillik təyinatı prosesinin tam avtomatlaşdırılmasına yönəldiyini, artıq Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sisteminin yaradılaraq, funksional tələblərə uyğunluğunun yoxlanıldığını vurğulayıb. Görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib. İclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv