Bakıdan Xırdalana elektrik qatarı xətti çəkiləcək

"Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər, daha dəqiq mart ayının 1-dən etibarən ictimai nəqliyyatda vahid kart sisteminin tam tətbiqinə keçiləcək ".

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, sözügedən kartlar təkcə avtobuslarda deyil, metropolitendə də istifadə olunacaq. Yeni sistemin tətbiqi qiymət artımına səbəb olmayacaq: "Qiymət artımı ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır, təkliflər səsləndirilir, lakin hazırda gündəlikdə belə bir məsələ yoxdur”.

 

Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması üzrə mübarizəni sərtləşdirmək niyyətində olduğunu deyən nazir müavini bildirib ki, bu istiqamətdə lazımi reydlər aparılır. Lakin hələlik sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının tam şəkildə alınması mümkün olmayıb: "Təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində işdən kənarlaşdırılmaya kimi sərt ölçülər tətbiq edilir. Həmçinin belə pozuntular və sərnişindaşımaların keyfiyyətinin aşağı olması səbəbindən sahibkarlar da marşrutlardan kənarlaşdırılır. Son illər ərzində marşrutlardan 17-18 sahibkar uzaqlaşdırılıb".

 

Nazir müavini bildirib ki, Bakıdan Xırdalan şəhərinə elektrik qatarı xətti çəkiləcək. Artıq xəttin çəkilməsi istiqamətində hazırlıq işləri aparılır. Aidiyyatı qurumlarla razılaşdırıldıqdan sonra layihənin icrasına başlanılacaq.

 

Müəllif | Apa.Tv