Azərbaycanın riskli ərazilərinin atlası hazırlanır
"Azərbaycanın risk altında olan ərazilərinin atlası hazırlanır".
APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) və UNİCEF-in Qəbələ rayonunda birgə həyata keçirdiyi “Fəlakət riskinin təhlilinə dair yekun hesabat”ın təqdimatında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib. O deyib ki, FHN və AMEA bu sahədə böyük proqram həyata keçirir. Böyük neft sənayesinin mövcud olduğu Azərbaycanda texnogen risklərin də səviyyəsi yuxarıdır. Bu məqsədlə risk atlasının hazırlanması zəruridir: "Milli Elmlər Akademiyası ilə birlikdə risk atlası hazırlayırıq. Bu, çox vacib bir məsələdir. Orda təkcə təbii fəlakətlərlə bağlı olan risklər yox, zəlzələ, su basqını, sürüşmə və digər risklər var".
Faiq Tağızadə qeyd edib ki, FHN UNİCEF-lə sıx əməkdaşlıq edir. Həyata keçirilən işlər UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Fəlakət Riskinin Azaldılmasına dair Regional Məlumat və Liderlik Proqramının dəstəyidir: "İşlər təkcə Qəbələdə yox, digər regionlarda da aparılacaq. Bu işlər bizim əsas işin tərkib hissəsidir".
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi Andro Şilakadze deyib ki, fövqəladə hallarda insan itkiləri, daşınmaz əmlakın dağıntısı halları baş verir: "Layihə Fövqəladə Hallar Nazirliyi, UNİCEF və Qəbələ rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın məhsuludur. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mühüm qurumlardır, bu qurumların tabeliyində çoxsaylı obyekt var. Biz Azərbaycana yerli və qlobal səviyyədə dəstək verməyə hazırıq”.
Layihəni təqdim edən UNİSEF-in məsləhətçisi Tamerlan Rəcəbov bildirib ki, Qəbələnin seçilməsi bölgədə turizmin inkişafı, əhalinin sıx məskunlaşması və bölgədə daşma riski olan çayların mövcudluğu ilə əlaqədar olub. Ümumilikdə 5 təhlükə – sel, meşə yanğını, dolu, torpaq sürüşməsi və zəlzələ təhlükəsi müəyyənləşdirilib.