Bakıda Beynəlxalq Sənaye Konfransı keçirilir
İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı başlayıb.
Tədbirə 21 ölkədən 300-dən çox iştirakçı qatılıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini çatdırıb.
2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri olduğunu deyən Şahin Mustafayev əlavə edib ki, bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olub, elektrik stansiyalarının enerji gücləri 50%-dən çox artırılıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri reallaşdırılıb: "Nəticədə sənayenin ÜDM-də xüsusi çəkisi 2003-cü ildəki 38%-dən 2013-cü ildə 48%-ə yüksəldi. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb".
BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk Azərbaycanın iqtisadi sahədə böyük uğurlar əldə etdiyini vurğulayaraq, konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinəi töhfə verəcəyini qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı imzalanıb.