Azərbaycan kəlağayısı UNESCO-da
Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA TV-yə verilən məlumata görə, bu qərar UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında qəbul edilib.
Kəlağayı faylını birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırayıb.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub. Hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.