Bakıda "JEK" rəisləri məsuliyyətə cəlb olunublar
Bakıda Mənzil Kommunal İstismar Sahələrinin rəisləri cəzalandırılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birlikdə keçirdiyi tədbirlər zamanı Yasamal rayonundakı «Qanlı göl» adlanan ərazidə zibilliklərin yaranmasına, məişət tullantılarının qalaqlanmasına şərait yaratdıqlarına görə rayon İcra Hakimiyyətinin 22 və 64 saylı Mənzil Kommunal İstismar Sahələrinin rəisləri Məhəmməd Hüseynov və Rafiq Novruzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.
Eyni zamanda Suraxanı rayonunda fəaliyyət göstərən «Zığ» gil yatağının cənub hissəsinə, Yasamal rayonunda isə «Qanlı göl» ərazisinə məişət və bərk tullantılar boşaltdıqlarına görə «Kamaz», «HOWO», «QAZ-3507» markalı yük avtomaşınların sürücüləri Rauf Məmmədov, Anar Mikayılov, Söcəddin Xurşudov Azad Musayev və Kənan Hüseynquliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.
Məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə Sabunçu rayon sakini Mirqədir Əzimov, Binəqədi rayon sakini Məhiyəddin Balakişiyev, Xətai rayon sakini Mirhüseyn Sadıqov, Yasamal rayon sakini Rahil Məmmədov, Abşeron rayon sakinləri Təzəgül Ağayeva, Mirzəli Məmmədov, İlham Həmidov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Ümumilikdə bu il məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına, sanitariya-gigiyena qaydalarına riayət etmədiklərinə görə 2885 vətəndaş cəzalandırılıb.