QMİ: Qaraçuxur məscidində hadisəni kənar qüvvələr törədib
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin məscid daxilində və yaxud məscidin idarəçiliyini həyata keçirən dini icma daxilində bağlı heç bir problem yoxdur. Baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib və bunun araşdırılması üçün də hüquq mühafizə orqanları məşğul olur. Hüquq-mühafizə orqanları araşdırmanın nəticəsini açıqladıqdan sonra QMİ hadisəyə mövqeyimizi bildirəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə
bildirib ki, komitə məsələni nəzarətə götürüb. M.Qurbanlı qeyd edib ki, həmin məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb.
Qeyd edək ki, ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.