Bakıda fövqəladə halların idarə olunmasına dair konfrans keçirilib
Milli Elmlər Akademiyası (AMEA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. APA TV-nin xəbərinə görə, konfransda akademiyanın prezidenti, akademik Akif Əlizadə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları iştirak edib.
AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, bu cür konfransların keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mövcud elmi nailiyyətlərin tətbiqi, bu istiqamətdə elmi işlərin aparılmasına təkan verməkdir.
Tədbirdə “Heydər Əliyev və Azərbaycanda fövqəladə hallarla mübarizənin təşkili təcrübəsindən”, “Fövqəladə hallardan qorunma məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər”, “Böyük Qafqazın şimal-qərb rayonlarında içməli artezian sularının müasir radioekoloji vəziyyəti”, “Azərbaycan fövqəladə hallar atlasının və informasiya bazasının yaradılması”, “Yanğınsöndürmə üçün yeni reagent - “Naftapen”, “Gərginlik vəziyyətlərinin aşkar edilməsi və Azərbaycan ərazisi, Qafqazın və Xəzərin sərhədyanı sahələri üçün seysmik təhlükənin qiymətləndirilməsi”, “Azərbaycan ərazisində radon qazının səviyyəsinin tədqiqi və ona təsir edən faktorlar”, “Etibarlılıq nəzəriyyəsinin metodları ilə qəza risklərinin qiymətləndirilməsi”, “Azərbaycanda fövqəladə hallarla mübarizənin ümumi vəziyyəti” və digər mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.