Göyçayda mikroavtobus qoyun sürüsünün üstündən keçdi

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

Göyçay rayon sakini İsmayılov Elşad Laçın oğlunun idarə etdiyi 99-GZ-679 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yolda hərəkət edən qoyun sürüsünün üstünə çıxıb. Hadisə zamanı Bığır kənd sakini, fermer Eldəniz Cəbrayılova məxsus qoyunlardan 30 başı tələf olub, bir neçəsi ağır yaralanıb. Hadisə zamanı qoyunları magistral yol ilə Ağdaşdan Göyçaya aparan Eldəniz Cəbrayılov xəsarət almayıb.

 

Hadisə zamanı Göyçay-İsmayıllı marşurutu üzrə hərəkət edən sərnişin mikroavtobusuna ciddi ziyan dəyib, xəsarət alan yoxdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov