Sumqayıtda avtobus qəzası: 1 ölü, 3 yaralı
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Hadisə Sumqayıt şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.
47 yaşlı Vüqar Zeynalovun idarə etdiyi "Tofaş" markalı 10 TN 696 dövlət nömrə nişanlı, minik maşını ilə qarşı tərəfdən gələn 30 saylı "Daeewoo" markalı, 50 AD 791 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə "Tofaş" markalı minik avtomobilində olan sərnişin Rafiq Əhmədov aldığı xəsarətlərdən ölüb, 3 nəfər isə ağır vəziyyətdə Sumqayıt şəhər xəstəsanasının travmatologiya şöbəsinə çatdırılıb.
Hadisənin Tofaş markalı avtomobilin, sərnişin avtobusunun yoluna çıxması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.