Ağdaşda qəza: ər ölüb, arvadı ağır yaralanıb
Bakı-Qazax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə magistral yolun Ağdaş rayonu, Qaradeyin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Abbasov Dursun Nizami oğlunun idarə etdiyi 20-DJ-968 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn “Ford” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Dursun Abbasov aldığı ağır xəsarətlərdən ölüb, onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Abbasova Söhbət Kazım qızı və sərnişin, Samux sakini 1954-cü il təvəllüdlü Yusubova Tərbiyə Murad qızı ağır bədən xəsarətləri ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Tərbiyə Yusubova xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindədir. Söhbət Abbasovanın vəziyyəti isə orta-ağırdır.
Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb olunub və onlar deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.