Cəbhə bölgəsində Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib
Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclası keçirilib. APA TV-nin xəbərinə görə, cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində keçirilən toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, xidmət rəisləri, birlik və birləşmə komandirləri və qərargah rəisləri iştirak ediblər.
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.
Zakir Həsənov "Silahlı Qüvvələrin 2014-cü ildə xidməti döyüş hazırlığının yekunları və 2015-ci tədris ilində vəzifələri" mövzusunda geniş nitq ilə çıxış edib.
Aparılan fəaliyyətlərlə bağlı birlik komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və nazir tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul edilib.
Müdafiə nazirinin əmrinə əsasən, 2014-cü ilin döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Toplantı iştirakçıları cəbhə bölgəsindəki hərbi hissələrdən birində yaradılmış təlim mərkəzində olub və praktiki tapşırıqları icra ediblər.