Yağıntılı hava şəraiti davam edəcək
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın sonuna kimi davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında noyabrın 28-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.