“FINCA Azerbaijan” xaricdən iri məbləğdə kredit cəlb edib
“FINCA Azərbaycan”Qeyri-Bank Kredit Təşkilatı (BOKT) xaricdən iri məbləğdə kredit cəlb edib. “FINCA Azərbaijan" Qeyri-Bank Kredit Təşkilatı ilə Niderland İnkişaf Bankı və Avstriya İnkişaf Bankı arasında 30 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasına dair mətbuat konfransı keçirilib. “FINCA Azərbaycan”ın baş icraçı meneceri Timoti Tarrant bildirib ki, hər iki beynəlxalq investorlarla ilk dəfə əməkdaşlığa imza atılır. Onun sözlərinə görə, bu saziş aşağı gəlirli insanların maliyyə resurslarına əlçatanlığını daha da yaxşılaşdıracaq. “FINCA Azərbaycan”ın baş maliyyə meneceri Marko de Natale bildirib ki, bu çoxvalyutalı kreditdir:
”Kreditin 15 mln. manatı Niderland İnkişaf Bankı, yerdə qalan hissəsi isə Avstriya İnkişaf Bankı tərəfindən ayrılıb. Bu, uzunmüddətli kreditdir. 2019-cu ilin sonuna qədər verilir. Bu kredit “FINCA Azərbaycan”a öz işlərini sabit həyata keçirməyə imkan verəcək”.
Niderland İnkişaf Bankının (FMO) maliyyə meneceri Henk Nijland isə qeyd edib ki, təmsil etdiyi bank 8 mlr. dollarlıq kredit portfelinə malikdir: “Azərbaycan neftlə zəngin ölkədir. Amma yenə də qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün xeyli işlər görülməlidir. Bizim məqsədimiz insanların maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Biz xüsusilə, kəndə yerlərində fəaliyyətə üstünlük verəcəyik”.
Təşkilata Niderland İnkişaf Bankının dəstəyi ilə əlavə olaraq digər investordan 10 mln. ABŞ dolları məbləğində kreditin ayrılması da gözlənilir. 5 illik müqavilə əsasında ayrılacaq kredit “FINCA Azərbaycan” təşkilatının öz müştərilərinə davamlı maliyyə xidmətləri göstərməsinə zəmin yaratmaqla, əsasən bank xidmətlərindən hələ də faydalanmaqda çətinlik çəkən ucqar regionlarda yaşayan kiçik və orta sahibkarlara təşkilatın dəstək göstərməsinə şərait yaradacaq. Bu kredit vasitəsilə kənd təsərrüfatı ilə məşğul olan 15 000 nəfərdən çox müştəriyə maliyyə xidmətlərinin-müxtəlif növ kredit məhsullarının verilməsi təmin olunacaq. Bu isə “FINCA Azərbaycan”a çox kiçik biznes sahələrinin yerli valyuta ilə uzunmüddətli maliyyələşdirilməsinə artan tələbin ödənilməsinə imkan verəcək. Sonda Niderland İnkişaf Bankı və FİNCA Azerbaijan arasında müqavilənin rəsmi imzalanma mərasimi həyata keçirilib.
Qeyd edək ki, “FINCA Azərbaycan” hazırda 235 mln. ABŞ dollarından artıq ümumi kredit portfeli ilə ölkənin bütün regionlarında fəaliyyət göstərən 65 filialı vasitəsilə 150 000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərməkdə davam edir. Tədbirdə "FINCA Azerbaijan" tərəfindən keçirilən digər sosial layihələr, son ayların maliyyə göstəriciləri və gələcək planlar barədə ətraflı məlumat verilib.