Lənkəranda narkotik qəbul edən qadınlardan ibarət qrup tutulub
Lənkəranda narkotik vasitə qəbul edən qadınlar tutulub. APA TV-nin xəbərinə görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsin (ŞRPŞ) əməkdaşlarının noyabrın 27-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər iki dəfə məhkum olunmuş, 37 yaşlı Emil Şirqasım oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən üstündən 1 bükümdə 0,7 qram heroin, iki bükümdə psixotrop maddə olan matalfetamin və narkotik çəkmək üçün istifadə olunan elektron tərəzi aşkarlanıb. Daha sonra Emil İbrahimovun kirayədə yaşadığı, əvvəllər beş dəfə məhkum olunmuş 49 yaşlı Fəzili İbad oğlu Fətullayevə məxsus Lənkəran şəhəri, Səməd Mehmandarov, küçəsi, 29 saylı evə baxış keçirilərkən ev sahibindən başqa, daha üç qadının da narkotik istifadəçisi olduğu üzə çıxıb.
Evdə narkotik vasitə qəbul edən şəhər sakini Sevinc Dadaşovadan 0,6 qram, Bakı şəhər sakinləri Aybəniz Kərimovadan 0,110 qram, Günel Vəliyevadan 0,3 qram heroin götürülüb.
İlkin araşdırmalardan məlum olub ki, Emil İbrahimovla Fəzili Fətullayev yaşadıqları Lənkəran şəhəri, Mehmandarov küçəsi, 29 ünvanında uzun müddətdən bəri tiryəkxana təşkil edib. Saxlanılan şəxsər də məhz həmin mənzilə narkotikdən istifadə etmək məqsədi ilə gəliblər.
Faktla bağlı cinayət işi başlanıb.