Şəmkirdə tanınmış Azərbaycan idmançısının xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib

Şəmkir Olimpiya İdman kompleksində SSRİ idman ustası, əməkdar məşqçi Ziyabil Abbasovun xatirəsinə həsr olunan cüdo üzrə turnir keçirilib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, yarışın açılış mərasimində çıxış edənlər mərhum məşqçinin həyat yolundan bəhs edərək onun ölkə idmanının inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar. Qeyd olunub ki, Ziyabil Abbasov güclü idmançılar, dünya və Avropa çempionlarının ərsəyə gəlməsində misilsiz xidmətləri olub. Açılış mərasimindən sonra yeniyetmələr mübarizəyə başlayıblar. Yarışda 2000-2002-ci il təvəllüdlü tatami ustaları 10 çəki dərəcəsində güclərini sınayıblar. Turnirdə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Samux, Yevlax, Bərdə, Mingəçevir, Şəmkir və Tovuzdan 170-ə yaxın cüdoçu iştirak edib. İki gün davam edən mübarizələrdən sonra qaliblər məlum olub. Əksər çəki dərəcələrində Gəncə cüdoçuları ilk pillədə yer alıblar. Onlardan 30 kiloqramda Murad Cavadov, 34-də Hüseyn Manafov, 38 kq çəkidə Hüseyn Əsədov, 42 kq-da Vaqif Səfərov, 46-da Vilayət Bayramov, 50 kq çəki dərəcəsində Ayxan Tanrıverdiyev, 55-də Seymur Məmmədovun adını qeyd etmək olar. Digər çəkilərdə 60 kq-da Azər Qələndərli Yevlax, 66-da Seymur Qocayev Sumqayıt və 66 kq-da Bakı idmançısı Ümid Eyvazov rəqiblərindən üstün olıblar.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli