Səlim Müslümov: "Əlilliyin təyinatının elektronlaşdırılması başa çatır"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə 7 rayonun sakinlərini qəbul edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, görüşdə İmişli, Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarının sakinləri iştirak edib. Nazir vətəndaşların əsasən, mənzil və minik avtomobilləri, bərpa-müalicəsi, məşğulluq məsələləri ilə əlaqədar müraciətlərini dinləyib. Əmək hüquqlarının təminatı, ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib. Nazir müraciətlərdə əksini tapan məsələlərin obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib.

 

Səlim Müslümov jurnalistlərə bildirib ki, əlilliyin təyinatının elektronlaşdırılması işləri başa çatmaq üzrədir: "Artıq bu insanların növbəti dəfə əlillik üçün müraciəti zamanı onların çağırılmasına ehtiyac yoxdur. Hər hansı kağız daşıyıcısına ehtiyac qalmır".

 

Ayrı-ayrı şəxslərin məşğulluq problemi elə yerindəcə həll olunub və onlar münasib iş yerlərinə göndərişlə təmin olunublar. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli  rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonlarda yerləşən nazirliyin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İmişli rayonuna aparılıb gətirilmələri təmin edilib. 

Müəllif | Apa.Tv
Apa.tv