Balakəndə zəncirvari qəza: 3 yaralı

Balakən rayonunda baş verən zəncirvari qəzada 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakinləri  İsmayıl Qudaməmmədovun idarə etdiyi “VAZ 21011”, Zahid Yüzbaşıyevin idarə etdiyi “VAZ 21011” və İsmayıl Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “VAZ 21011" markalı avtomobillərdə olan sərnişinlər - Qazbinə kənd sakini, 47 yaşlı Arzu Saxrayeva, Zaqatala rayon sakini, 26 yaşlı Validə İsayeva və Qazbinə kənd sakini Pərviz Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov