Ziyafət Əsgərov: "Həmsədrlər Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir"

"Bir sıra beynəlxalq təşkilatlar "insan hüquqları" adı altında Azərbaycana təzyiq yolunu tutb".

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa Parlamentində Martin Şultsun Azərbaycanla bağlı son bəyanatını şərh edərkən deyib: "Heç bir əsası və məntiqi olmayan bəyanatdır. Neçə ildir, Avropada siyasətlə məşğul olan bir adam nə Azərbaycandakı qaçqın və məcburi köçkünlər, nə də işğal olunmuş torpaqlarla maraqlanıb. Amma birdən-birə onların dediyinə görə, hansısa siyasi məhbusun hüquqları bunları maraqlandırmış olub. Bu, Azərbaycana təzyiq vasitəsidir".

 

Ziyafət Əsgərov bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Ermənistan silahlı qüvvələrinə məxsus Mİ-24 helikopterinin Azərbaycan ərazisində vurulması və bir sıra beynəlxalq təşkilatların bu məsələ ilə bağlı bəyanatlarına toxunan Ziyafər Əsgərov deyib ki, Ermənistan helikopteri döyüş tapşırığı yerinə yetirib və Azərbaycan ordusu hissələrinin cavabı adekvat olub: "Helikopterin düşdüyü ərazi Ağdam rayonudur. 1992-ci ildə BMT Təhlükəsizlik Şurası Ağdamla bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə deyilir ki, işğalçı qoşunlar Ağdamı tərk etməlidir. Ermənistan Ağdamı işğal altında saxlayır, orda uçuşlar həyata keçirir. Bu, Azərbaycanın ərazi bütövlüyünə təcavüzdür və cavabı verilməlidir".

 

Ziyafət Əsgərovun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir.

Müəllif | Apa.Tv