Lənkəranda qanunsuz ov edənlər saxlanılıb

Lənkəran polisi qanunsuz ovun qarşısını almaq məqsədilə rayonun Nərimanabad qəsəbəsi ərazisində reyd keçirib. APA TV-nin cənub bürosunun məlumatına görə, reyd zamanı üç nəfər in qanunsuz olaraq ov etdiyi aşkarlanıb. Polis əməkdaşları həmin şəxsləri saxlamaq istəyərkən onlar ov tüfənglərini ataraq aradan çıxıblar. Götürülən silahlara baxış keçirilərkən onlardan birinin “Toz-63” markalı, digərinin “İJ” markalı, üçüncüsünün “Belka” markalı ov tüfənglərinin olduğu müəyyənləşib.

 

Araşdırmalardan sonra məlum olub ki, “Toz-63” markalı ov tüfəngi Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 45 yaşlı Cümşüd Həşim oğlu Bəşirova, “Belka” markalı tüfəngin onun həmkəndlisi, 36 yaşlı Ceyhun İmanverdi oğlu Kərimova, “İJ” markalı ov tüfənginin isə rayonun Göyşaban kənd sakini, 23 yaşlı Mehran Həbib oğlu Ağayevə  məxsusdur. Hər üç qanunsuz ov edən şəxs saxlanılıb.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv