"Qalatasaray" Prandelli ilə yollarını ayırdı

Türkiyənin "Qalatasaray" klubunda gözlənilən oldu və baş məşqçi Çezare Prandelli uzaqlaşdırıldı. APA TV-nin xəbərinə görə, bu barədə qərar "Qalatasaray"ın İdarə Heyətinin toplantısında qəbul edilib. Klub baş məşqçinin qovulduğunu rəsmən açıqlamasa da, "Qalatasaray"ın vitse-prezidenti Əbdürrəhim Albayraq qərarın qəbul olunduğunu təsdiqləyib.

 

İtaliyalı futbol mütəxəssisi "Qalatasaray"ın "Qaziantepspor"la oyununda komandaya rəhbərlik etməyəcək. "Sarı-qırmızı" komandanı meydana qapıçı məşqçisi Klaudio Taffarel çıxaracaq.

 

İlkin məlumata görə, Çezare Prandelliyə təzminat ödənməyəcək. Amma italiyalı futbol mütəxəssisi ən azı mövsümün sonuna qədər "Qalatasaray"dan müqavilə üzrə nəzərdə tutulan maaşı alacaq.

 

Qeyd edək ki, Çezare Prandellinin başçılıq etdiyi dövrdə "Qalatasaray" ölkə çempionatı və Çempionlar Liqasında uğurla çıxış edə bilməyib. Avropa kuboklarında üç oyunda böyük hesabla məğlub olan, ümumilikdə isə beş oyundan cəmi 1 xal toplayan "Qalatasaray" ən pis nəticəni bu mövsüm göstərib.

 

Artıq yeni baş məşqçi ilə bağlı müzakirələr artıq başlayıb. Bu posta namizəd kimi iki nəfərin adı çəkilir - Hilmət Qaraman və Mustafa Dənizli. Hikmət Qaraman 1995-1996-cı ildə "Qalatasaray"da baş məşqçi köməkçisi olub.

 

Musatafa Dənizli isə Türkiyə və Azərbaycanın futbol həvəskarlarına daha çox tanışdır. O, "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"la çempionluq sevinci yaşayan yeganə baş məşqçidir. Mustafa Dənzilinin rəhbərlik etdiyi Türkiyə millisi 2000-ci ildə Avropa çempionatında 1/4 finala yüksəlib. Təcrübəli məşqçinin son iş yeri Azərbaycanın "Xəzər Lənkəran" klubunun baş məşqçisi postu olub.

Müəllif | Apa.Tv
Apa.tv