Komitə sədri: "Məsciddə yanğın törədənlər ifşa olunacaq"

"Məscidə qarşı bu cür təxribat hərəkətlərinin edilməsi həm dini icmalarda, həm də insanlar arasında heç bir panika yarada bilməz və yaratmayacaq".

 

APA TV-nin məlumatına görə, Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, baş verən hadisədən sonra sədr müavini Siyavuş Heydərov başda olmaqla Dövlət Komitəsinin nümayəndələri Qaraçuxur məscidinə gedib, hüquq-mühafizə orqanları ilə birlikdə bu hadisənin araşdırılmasında iştirak ediblər: “Məscidin axundu ilə sıx əlaqə saxlamışıq. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir. Məscid öz fəaliyyətini davam etdirir. Hesab edirəm ki, bu hərəkətləri həyata keçirənlər müəyyən mənfi niyyətlər nəzərdə tuturlarsa, bunu reallaşdıra bilməyəcəklər. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi, dini sabitlik var. Hesab edirəm ki, bu günlərdə bu hərəkəti yönəldənlər aşkar olunacaq və ifşa ediləcəklər”.

 

Prezident İlham Əliyevin dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılmasında danışan komitə sədri qeyd edib ki, bu vəsait ölkədə fəaliyyət göstərən bütün  dini icmalar  arasında bölünəcək: "Sərəncamda da qeyd edildiyi kimi milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsi, bu sahədə işin gücləndirməsi, dini maarifləndirmə işlərinin daha yüksəklərə qaldırılması məqsədi ilə dini icmalara bu vəsaiti ayıracağıq".


Komitə sədri bildirib ki, Azərbaycanda 600-ə yaxın dini icma var.

 

 

Müəllif | Apa.Tv